Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

İmam Musa Sədrlə dərc olunmamış müsahibə

İmam Xomeyni: Seyid Musa Sədrin müəmmalı səfəri məni çox narahat edir...
Mehr informasiya agentliyi yazır ki, bu günə qədər taleyi məlum olmayan İmam Musa Sədr Ali Şiə Məclisinə sədr seçildikdən sonra Əl-ləva qəzetinin müxbiri 2 gün onunla birlikdə olub. Müxbir Musa Sədrlə Beyrutdan cənub sərhədlərindəki kəndlərə qədər yoldaşlıq edib. Əl-Ləva müxbirinin İmam Musa Sədrlə söhbətləri təəccüblü də olsa bu günə qədər dərc olunmayıb. Müxbir yazır ki, Ali Şiə Məclisinə İmam Musa Sədrin sədr seçilməsi az qala bütün Livana böhranı unutdurmuşdu. Livanın cənubunda böhran bu gün də qalmaqdadır. İmam Musa Sədr Livanın cənubunda öz misilsiz fəaliyyətləri ilə yadda qalıb. Müxbir İmam Musa Sədrin səfər boyu görüşlərində iştirak edib, onun şəxsiyyəti haqqında ətraflı araşdırma aparıb. Növbə Əl-Ləvanın dərc etdiyi müsahibənindir...

**

Onun yanında əyləşəndə adama elə gəlir ki, onu çoxdan tanıyırsan. Uca qaməti, iri gözləri, aram danışığı, təbəssümü, təvazökarlığı arada olan bütün etiketləri pozur. Onun sadə danışığı sanki insanların susuzluğunu yatızdırır. Bəli, İmam Musa Sədr Livan və Livan xalqına biganə deyil. Onun əsli qədim Cəbəlamildəndir. Uzun illər hicrət sıxıntısı İmam Musa Sədri köklərindən qıra bilməyib. Cəmi bir neçə ildir Livana qayıdıb. Bu qısa müddətdə ata-babalarının hicrət boşluğunu doldura bilib. O, xalqın dərdlərinə şəfa üçün onların qəlbini ələ almaqda ustadır. O hansısa konkret məktəbdən təsirlənməyib. Bu o demək deyil ki, Musa Sədr dövründən xəbərsizdir. O əsil İslam mədəniyyətinə sahibdir. Eyni zamanda başqa mədəniyyətlərə biganə deyil. Elə buna görə də qısa bir müddətdə az qala bütün Livan xalqının əzizinə çevrilə bildi.
Xalq elə bir insana ehtiyaclıdır ki, bu insan onların problemlərini dərk etsin. Xalq üçün fərqi yoxdur ki, bu şəxs hansı vəzifəni tutur, hansı firqəyə mənsubdur. Həmin şəxs xalq arasında yaşamaqla onların problemlərinə şahid olmalıdır. Belə olduqda xalqla şəxsiyyət arasında uzaqlıq qalmır.
Onun iş otağına daxil olanda elə bilirsən ki, bir dostun iş otağına gəlmisən. Nə qapıda keşikçi var, nə katib var. Seyid Musa səni görəndə ayağa qalxır, görüşmək üçün irəli gəlir, səni özünə yaxın yerdə əyləşdirir, sözlərini diqqətlə izləyir. İmam Musa Sədri qəlblərə köçürən körpü onun sadəliyidir.
Sur şəhəri hüseyniyyəsində qocalı-cavanlı əhali imamın başına toplandı. 3 hicablı qadın kənarda dayanıb gözləyir ki, növbə onlara çatsın, sözlərini imama desinlər. Səfərin ilk günü İmam Musa Sədr 6 saat fasiləsiz xalqın şikayətlərini dinlədi. Alim sadə və mehriban olsa xalqın qəlbinə yol tapır. Belə alimlə xalq arasında heç vaxt divar olmur. Nəhayət, günortadan sonra hüseyniyyəyə toplanmış insanlar seyrəldi. İmam Musa Sədrlə söhbətimiz üçün şərait yarandı. İmam özü haqqında danışmağa başladı:
- Mən İranda, əslən Livandan olan alim ailəsində dünyaya gəlmişəm. Ailəmiz öz ağsaqqalı Seyid Sədrəddinlə Livanda Osmanlıların hakimiyyətinin son dövründə bu ölkədən mühacirət edib. Bu ailənin İraq və İranda kökləri var. Yeni mədrəsələrdə təhsil aldım, Tehran universitetinin hüquq fakültəsini bitirdim, iqtisadiyyat üzrə elmi dərəcə aldım. Dini təhsilimi Nəcəfdə olduğum zaman tamamlamışdım...

Ondan nə vaxt anadan olduğunu soruşuram, təbəssümlə cavab verir:

- Miladi 1928-ci ildə anadan olmuşam. Müxtəlif mədəniyyətlərin mütaliəsinə, ictimai hərəkatlara, müasir ideoloji məktəblərə böyük marağım var. Tərbiyə aldığım dini mühit yol seçməkdə mənə köməkçi olub. Mən insanlara xidmət yolunu dinin dəvəti ilə qəbul etmişəm. Müxtəlif mədəniyyətlərlə tanışlığım, ailəmin müxtəlif ölkələrə bələdçiliyi, müxtəlif dilləri bilməyim tutduğum yolda fərqli üsul seçməyimin səbəbi ola bilər. Quran təlimlərinə əsasən bu missiyanı üzərinə götürən insan dinin insan üçün ən üstün məslək olduğuna inanmalı, sonra başqalarını buna inandırmalıdır. Bəli, bəşəriyyəti həqiqi səadətə çatdıracaq yol din yoludur. İnsanın ölümdən sonrakı axirət xoşbəxtliyi onun dünyadakı rəftarları ilə əlaqəlidir...

İmam Musa Sədrdən xahiş edirəm ki, həyatının mühüm mərhələləri haqqında danışsın. O deyir:
- Şəxsi həyatımda, təhsil dövründə, fövqəladə bir hadisə baş verməyib. Mən gücü həddində çalışan adi bir insanam...

İmam Musa Sədr mənimlə söhbəti saxlayıb, hələ də onu gözləyən xanımlara yaxınlaşır. Sakitcəsinə, səbrlə onları dinləyir...
Onun üç qardaşı, yeddi bacısı olub. Universitet və hövzə təhsilini başa vurandan sonra ailə qurub. Üç övladı olub. İkisi oğlandır, biri qız. Futbolu sevir, məktəb komandasında oynayıb. 3 dəfə Avropada olub. Fransa, Almaniya, Danimarka, Belçika, İsveçrə və İtaliyaya səfər edib.
...Qadınların şikayətini dinlədikdən sonra mənim yanıma qayıdır. Hansı ideoloji məktəbə bağlı olduğunu soruşuram. Cavab verir:
- Allaha iman üzərində qurulmamış ictimai məktəbin bəşər həyatı üçün faydasına inanmıram. Mənim üçün ictimai məktəblər bir-birindən o qədər də fərqlənmir. Bəziləri dini baxışlarına görə oxşardır. Bilirik ki, Avropa alimləri elmi inqilabdan sonra xristian din xadimlərinin rəftarlarına görə orta əsrlər Avropasından imtina etdilər. Kilsə xadimlərinə görə dinə qarşı mənfi mövqe tutdular. Onlar düşünürdülər ki, bir bütdən azad olublar. Avropa öz həyatını elmi əsaslar, təcrübə üzərində qurmağa başladı. Onlar öz elmi nailiyyətləri ilə Allahın yerini tutmağa çalışırdılar. Mədəniyyətlərini materialist baxış üzərində qurdular, bu nöqtədən hərəkətə başladılar. Yaranışda insana prioritet verib, onu varlıq aləminin müstəsna hadisəsi kimi dəyərləndirdilər. İman baxımından bu qəbil baxışlar yanlışdır. Avropa məktəbləri bir-birlərinə qarşı iradlarla çıxış edirlər. Amma mən bütün bu məktəblərə bir mərhələ kimi baxıram. Onlar bəşəriyyəti xoşbəxt etmək gücündə deyil...

Bu zaman telefon zəng çalır. İmam Musa Sədr Bəəlbəklə danışmaq istəmişdi. Xəttin o başında Şeyx Əl-Yəhfufi idi. İmam Musa Sədr ondan xahiş etdi ki, Yəmunə ilə danışıb sabitliyin qorunmasını istədim.Yüksək vəzifəli məsullardan biri İmam Sədrə söz vermişdi ki, onların istəkləri yaxın günlərdə yerinə yetiriləcək.
Bəli, İmam Sədri hansısa düşüncə və ya ictimai məktəbə aid etmək düzgün deyil. Amma o dövrünü yaxşı tanıyırdı. Bütün mütərəqqi mədəniyyətlərə, düşüncələrə ağuş açmışdı. Danışığında Əllamə Məhəmmədhüseyn Təbatəbainin metodları, Əl-Mizandan təsirlənməsi hiss olunurdu. Universitetdə təhsil aldığı zaman Şərq və Qərb alimlərinin fəlsəfə, iqtisadiyyat, siyasət sahəsində məşhur kitablarını oxumuşdu. Bu mütaliələr onun düşüncəsini işıqlandırmışdı.
Bəəlbəklə telefon danışığı başa çatan zaman bizim söhbətimiz də bitdi. Nahar üçün imamın Surdakı evinə getdik. Sadə süfrədə sadə cənub xörəkləri qoyulmuşdu. İmam Sədrlə İsrailin sərhəd boyu yaratdığı gərginlikdən danışdıq. İmam buyurdu:
- 2 ay olar ki, bütün məntəqələri gəzirəm. Əhali ilə görüşlərimdə İmam Hüseynin (ə) qanlı Kərbəla hadisəsindəki sözlərini xatırladıram: “And olsun Allaha, mən zəlil insan kimi sizə beyət əli uzatmayacağam və qarşınızda qul kimi baş əyməyəcəyəm!” Düşünürəm ki, bu gün baş verən hadisələr tam hazırlıq zərurətinə şübhə yeri qoymur. Əgər zəlil insan kimi əl açmaq, qul olmaq istəmiriksə, müqavimət göstərməliyik...

Təqribən saat 5:30-da növbəti dəfə söhbətimiz baş tutdu. (Bu söhbətdən sonra İmam Musa Sədrin nəzarət etdiyi məktəb tikintisinə baş çəkəcəkdik) Onu müşayiət etməli olan məmura göstəriş verdi ki, geri qayıtsın. İmam Musa Sədr rəsmiyyətçiliyi, dəbdəbəni xoşlamırdı. Bu hadisənin ardınca dedi:
- Mənim üçün nəzərdə tutulan rəsmi qəbul və xidmətlərə görə narahatam. Qorxuram ki, bu şəraitə görə xalqın durumundan xəbərsiz qalaq. Belə olsa xalqa təsir imkanlarımız zəifləyər...

Yolüstü İslam Elmləri Mərkəzinə baş çəkdik. Orada müxtəlif ölkələrdən, eləcə də Afrika ölkələrindən 34 tələbə təhsil alırdı. Yolüstü imamdan yeni şiə məclisinin yaranması səbəbi barədə soruşdum. Başqa firqələr, xüsusi ilə sünnə əhli ilə rabitələr yolunda hansı addımlar atılacağı ilə maraqlandım. İmam buyurdu:
- Biz Ali Şiə Məclisini yaratdıq ki, şiələrin problemlərini həll edək. Şiələrin dini, ictimai, mədəni durumu islahatlara ehtiyaclıdır. Mən bu məqsədlə elmi araşdırmalar mərkəzi yaradılmasını istəmişəm. Ali Şiə Məclisinin əsas işlərindən biri Livanda və dünyada müsəlmanların vəhdətinə nail olmaqdır. Bu məqsədə iki yolla çatmaq olar. Biri dialoqdur. Dialoq üçün münasib fəza yaranmalıdır. Qarşılıqlı etimad hissini gücləndirməliyik. İkinci yol hər iki firqənin bu məqsədə aparan hədəflərinin müəyyənləşməsidir. Bu təlaşların nəticəsi qarşılıqlı etimadın yaranması, firqələrin vahid məqsəd ətrafında birləşməsi, müştərək məqsədlər ardınca hərəkətdir. Bu məqsədlər fiqh və ya üsul baxımından məqbuldur. Bayramların, mərasimlərin müştərəkləşdirilməsi nümunə göstərilə bilər. Bu həm də milli və ictimai hədəfdir...

Tikilən məktəbin əzəmətli görünüşü vardı. İlk baxışdan adama elə gəlir ki, geri qalmış bir məntəqədən abad bir məntəqəyə gəlirsən. Amma imam Sədrin sözləri bu hisləri alt-üst etdi. O dedi:
- Bu məktəb binası məntəqənin geri qalmasını pərdələməyəcək. Amma insanların həyat səviyyəsinin yüksəlişində yardımçı ola bilər. Biz bu məktəbi bu məntəqənin övladlarının köməyi ilə tikirik. Onlar xaricdə mühacirətdədir. Xalqımız səxavətlidir və öz köməyini əsirgəmir. Hər halda xalqın xeyirxah insanlardan gözləntisi var. Məktəb binasına 750 min Livan lirəsi xərclənib. Amma iş başa çatmayıb. Məktəb növbəti tədris ili işə başlayacaq. Bu məktəb 12 il mütləq yoxsulluqda yaşamış məntəqənin simasını dəyişəcək. İlk mərhələdə gündüzlər 200, gecələr də 200 şagird təhsil alacaq. Növbəti illərdə say artacaq...

Məktəbə baxış başa çatanda hava qaralmışdı. Biz Sura qayıdanda gənclər məktəblə bağlı təbrik üçün gəlmişdilər. Mən imam Sədrdən bu məntəqənin İsraillə hər hansı qarşıdurmaya hazırlanması barədə soruşdum. İmam buyurdu:
- Qarşıda görəcəyimiz işlər məclis və komitələrdə araşdırılır. Sərhədləri möhkəmləndirmək, xalqı təminatlandırmaq, müdafiə imkanlarını genişləndirmək nəzərdə tutulur...

Məclisdə gənclərlə cənubdakı vəziyyət haqqında söhbət oldu. İmam dedi:
- Bizim seçim üçün fürsətimiz yoxdur. Qeyd-şərtsiz vəzifəmiz müqavimətdir. Təbii ki, müqavimət təkcə xalqın işi deyil, rəsmi səviyyədə addımlar atılmalıdır. Bununla belə düşünürəm ki, müqavimət əsas vəzifədir. Mövqelərin möhkəmləndirilməsi heç bir dövlət rəsmisinin fikri ilə şərtlənməyib. Xalq müqaviməti dedikdə şəhadət və fədakarlıq, zalımlara qarşı mübarizə nəzərdə tutulur. Müqavimət o zaman fayda verə bilər ki, siyasi, hərbi, iqtisadi, ictimai baxımdan rəsmi fəaliyyətlərlə müşayiət olunsun. Xüsusi ilə sərhəd kəndlərində vəziyyət yaxşılaşdırılmalıdır. Ordunun müqavimət imkanları gücləndirilməlidir...

Bu məqamda bir gənc soruşdu ki, biz boş əl ilə necə müqavimət göstərə bilərik?
İmam cavab verdi:
- Təcavüz qarşısında candan keçmək ən şərəfli müqavimətdir. Bu yurddan köçməklə nə kəramətimiz qorunacaq, nə işğal olmuş torpaqlar qaytarılacaq. Digər tərəfdən mühacirət zamanı qurbanlar verilir. Siz öz mühacirətinizlə torpağı düşmənə verdiyinizi təsdiqləyirsiniz. Amma müqavimət sizin varlığınızdır, işğal qarşısında maneədir. Necə ki, Qərb Sahilində qardaşlarımız öz müqavimət sıralarını möhkəmləndirdi...

İmam Musa Sədr müqavimət ruhiyyəsi, xüsusi ilə Fələstin müqavimətinə biganə deyil. Bəziləri çalışır ki, imamın hərbi əməliyyatlara dəstək vermədiyini sübuta yetirsin. Amma bu həqiqət deyil. O müqavimətə kömək edir və başqalarını da köməyə çağırır. Xaricdə yaşayan livanlıların müqavimətə maliyyə yardımında vasitəçilik edir. Musa Sədr Livanda malik olduğu bir parça torpağı müqavimət yolunda bağışladı. Bu onun əqidəsi üçün bir sənəddir. Özü belə buyurur:
- Mən inanıram ki, Fələstinin azadlığında müqaviməti əvəz edəcək vasitə yoxdur. Ümidim budur ki, öz dini və milli vəzifəmizi yerinə yetirəcəyik...

Söhbət zamanı gənclərin dilə gətirdiyi sözlər bu məntəqənin bütün gənclərinin sözü idi.

vilayet.nur-az.com
Oxunub 5354 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP