Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2018

Nəvvab hərəkatımız üçün qığılcım oldu!

Ayətullah Xamenei Şəhid Nəvvab haqqında (şəhadət ildönümü)
Fars informasiya agentliyinin həmasə və müqavimət bölməsi Cənab Rəhbər Ayətullah Xameneinin Şəhid Seyid Müctəba Nəvvab Səfəvi ilə bağlı xatirələrindən yazır. Cənab Rəhbər buyurur ki, Nəvvab Səfəvi ilə ilk görüşdən mən Nəvvabda qərq oldum. Rəhbər xatırlayır ki, Nəvvabın söhbəti adi deyildi, ayağa qalxar, alovlu şüarlarla danışardı.

Ayətullah Xamenei Nəvvab Səfəvinin mübarizə illərində gənc olub. Nəvvab Səfəvi Pəhləvi rejimi ilə elə bir dövrdə mübarizəyə başlayıb ki, rejimin təzyiqləri pik nöqtəsinə çatmışdı. Bu yaşda gəncin belə alovlu çıxışları üçün şir ürəyi lazım idi. Nəvvab Səfəvinin rəhbərliyi altında İslam Fədailər qrupu mübarizə yolu gedirdi. Bu gənclər heç bir qorxusuz Nəvvabın ardınca hədəflərə doğru irəliləyirdilər. Sonradan bu gənclərin hər biri böyük şəxsiyyət oldu. Bəli, həmin dövrdə Rəhbər gənc idi. O şəhid Nəvvabla bağlı xatirələrindən danışır...

***

Mərhum Nəvvab Səfəvi bir dəfə Məşhədə gəlmişdi. Onu ilk dəfə görürdüm. Məncə 1331, 1332-ci illər idi. Bizə dedilər ki, Nəvvab Səfəvi İslam Fədailəri ilə Məşhədə səfərə gəlir. Onların Abidzadə mehdiyyəsində qalacağı deyilirdi. Onları Abidzadə dəvət etmişdi. Gizli bir cazibə məni Nəvvaba doğru çəkirdi. Çox istəyirdim ki, onu görüm. Amma mehdiyyənin harada olduğunu bilmirdim. Bir gün dedilər ki, Nəvvab Süleyman Xan mədrəsəsinin tələbələri ilə görüşə gələcək. Mən də həmin mədrəsədə oxuyurdum. Həmin gün mədrəsəni silib-süpürdük, qaydaya saldıq.

Həmin gün həyatımın ən unudulmaz günlərindəndir. Mərhum Nəvvab bir qrup İslam Fədaisi ilə mədrəsəyə gəldi. Onun ətrafındakılar geyimləri ilə tanınırdılar. Süleyman Xan mədrəsəsinə daxil oldular. Mən onları müşayiət edirdim. Mədrəsə geniş deyildi. Nəvvab və onu müşayiət edənlər mədrəsədə yerləşdilər. Hava isti idi. Yaxşı xatırlamıram ki, yay idi, yoxsa payızın əvəlləri. Amma günəş isti idi. Cənab Nəvvab söhbətə başladı. Onun söhbəti adi söhbət deyildi. Alovlu şüarlarla danışırdı. Mən onun sözlərindən qərq olmuşdum.

Özümü camaatın arasından Nəvvaba çatdırdım. Onun qarşısında əyləşdim. Bütün vücudum onun sözlərinin təsiri altında idi. Mərhum Nəvvab şah, Britaniya imperializmindən danışırdı. Əsas sözü bu idi ki, İslam səhnəyə gəlməlidir, İslam hökuməti qurulmalıdır. Nəvvab hazırda hakimiyyətdə olanların yalan danışdığını, müsəlman olmadığını deyirdi. Mən belə sözləri ilk dəfə Nəvvab Səfəvidən eşitmişəm. Onun sözləri qəlbimə elə nüfuz etdi ki, daim onunla olmaq istədim. Bəli, daim Nəvvabın yanında olmaq çox xoş bir hiss idi. Hava həmin gün çox isti olduğundan Nəvvabla gələn gənclər limonlu şərbət hazırlayıb məclisdəkilərə paylamağa başladılar. Şərbət azalanda qaşıqla verirdilər. Mənə şərbət verəndə dedilər: “İç, inşaallah bu şərbətdən içən şəhid olar.”

Sonra dedilər ki, səhəri gün mərhum Nəvvab “Nəvvab mədrəsə”sinə gedəcək. Mən səhəri gün Nəvvabı görmək üçün həmin mədrəsəyə tələsdim. Bu mədrəsə böyük bir mədrəsə idi. Bütün mədrəsəyə Nəvvabın gəlişi münasibətilə xalça döşəmişdilər. Xəbər gəldi ki, Nəvvab və onun ətrafındakılar Mehdiyyədən yola düşüblər. Mən onları qarşılamağa tələsdim.

Uzaqdan gəldiklərini gördüm. Bir yarımdairə şəklində izdiham onu müşayiət edirdi. Sağında və solunda xeyli adam vardı. Nəvvabın yolda hərəkəti də adi deyildi. O yol boyu insanları mübarizəyə həvəsləndirən şüarlar səsləndirirdi.

Hamı onu görmək istədiyindən irəli hərəkət edirdi və sıxlıq yaranırdı. Mən də izdihamın arasına daxil olub, Nəvvaba yaxınlaşdım. Şəhid Nəvvab sanki minbərdə idi. Ucadan deyirdi: “Biz İslamı hakim etməliyik! Müsəlman qardaşlar! Qeyrətli qardaşlar! İslam hakim olmalıdır!”

Yolda qalstuklu adamlar görəndə deyirdi: “Bu ipi boynumuza əcnəbilər keçirib. Qardaşlar onu çıxarın!” Şapur papağı qoyanları görəndə deyirdi: “Qardaşlar bu papağı əcnəbilər başımıza qoyub, kənara atın!” Onun sözlərini eşidən qalstuklular, şapur papağı qoyanlar cəld qalstuku çıxarır, şapur papağını götürür, əzib cibinə qoyurdu. Nəvvabın sözləri bu dərəcədə təsirli idi. Mən həyatımda belə təsirli danışan adam az görmüşəm. Çox qəribə bir insan idi.

Nəvvab mədrəsəsinə çatdıq, mədrəsəyə daxil olduq. İzdiham böyük idi. Mədrəsənin ərazisi böyük idi. Mən yenə də irəliyə gedib dörd gözlə Nəvvabın hərəkətlərini izləyirdim. O söhbətə başladı. Bütün vücudu ilə danışırdı. Təkcə dili, əli ilə danışırdı demək olmazdı. Danışanda şüarlar söyləyirdi. O söhbətini başa çatdıranda təklif olundu ki, cəmiyyət namazı qılınsın. Qəbul etdi və azan deyildi. Nəvvab qarşıda dayandı, biz arxada dayanıb iqtida etdik.

Sonra Nəvvab getdi, uzun müddət ondan xəbərimiz olmadı. Yalnız o zaman xəbər gəldi ki, Nəvvab şəhadətə çatıb. Şəhadət xəbəri gələndə Nəvvab mədrəsəsində idik. Xatırlayıram, tələbələr o qədər qəzəblənmişdilər ki, şüarlar səsləndirir, şah rejiminə etiraz edirdilər. Mərhum Hacı Şeyx Haşim Qəzvini Nəvvabın edamına etiraz edən yeganə ruhani idi. Təəssüf ki, başqaları belə etiraz etmədi. O buyururdu: “Ölkənin vəziyyəti bir hala gəlib ki, Peyğəmbərin (s) övladını haqq söz dediyi üçün qətlə yetirirlər.”

Bəli, İslam inqilabının ilk qığılcımı Nəvvab vasitəsi ilə vücuduma düşdü. Zərrəcə şübhə etmirəm ki, qəlbimdə inqilab alovunu şölələndirən Nəvvab oldu. Bir il sonra Nəvvabın yaxınlarından olan tehranlı müəllimlə görüşdük. Nəvvabın şəhadətindən sonra baş tutmuş bu görüşdə müəllim Nəvvabla bağlı xatirələrini danışırdı. Onun şəxsiyyəti, mübarizə yolu, şüarları, bəyanatları, ailə durumu ilə bağlı maraqlı söhbətlər edirdi. O danışdıqca qəlbimizdə Nəvvaba olan eşq daha da artırdı. Nəvvabın təsiri ilə inqilabi mübarizə fəaliyyətlərimiz başladı. Şəhərə bir ustandar gəlmişdi. Adı Fərəx idi. Məşhəddə bu ustandarın gəlişinə qədər məhərrəm və səfər aylarında kino salonları bağlı olardı. Bu ustandar dedi ki, məhərrəm ayının 20-də salonlar işə düşəcək. Əvvəl məhərrəmin 14-də bu işi görmək istədi. Etirazları görüb, bir az yubandırdı. Biz qərara gəldik ki, elanlar hazırlayıb yayaq. Elanda Nəhcül-bəlağədən xalqı hərəkətə çağıran hədis yer almışdı. Elanı əlimizlə yazırdıq. Bir elanın başa gəlməsi 3 saat vaxt aparırdı. Hərə bir guşədə əyləşib elan yazırdı. Elanda ustandarın hərəkətlərinə də etiraz edirdik. Xalqı sükuta son qoymağa çağırırdıq. Elan yazanlar arasında Nəvvabın dostu müəllim də var idi. Seyid Cəfər Zəncani də orada idi. Bəzilərinin harada olduğunu bilmirəm. Biz elanları yazır, zərflərə qoyur, müxtəlif ünvanlara göndərərdik. Maraqlıdır ki, bir müddət öncə arxivimi araşdırarkən öz əlimlə yazdığım həmin elanlardan birinə rast gəldim. Elanın ortasında Nəhcül bəlağədən hədis vardı. Elan ayə ilə başlayırdı. Bəli, şəhid Nəvvab siyasi hərəkatımız üçün bir qığılcım oldu.

Vilayet.info  (arxiv)
Oxunub 2348 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP