Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2014

Eşq yolunda (Aşura məktəbi)

Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənə, ey ilahi eşq yolunun şəhidi!

Bismillahir-Rəhmanir-Rəhim

İl boyu, xüsusi ilə Aşura öncəsi İmam Hüseynin (ə) qiyamı və Aşura haqqında danışmaq günümüzün tələbidir. Deyəcəyimiz sözlərin Quran dərsləri ilə uyğun olmasını da nəzərdə saxlayaq. İmam Hüseynin (ə) Kərbəla səfəri ilə bağlı bir sıra mühüm nöqtələrə toxunuruq. Şəhadət eşqi ilahi dəyərlər yolunda insanı öz canını qurban verəcək həddə qədər aparır. Kim şəhadətə nə qədər aşiq olduğunu bilmək istəyirsə İmam Hüseyn (ə) məktəbində tərbiyə alanlardan soruşmalıdır. Həzrət Qasim adlı 13 yaşlı yeniyetmənin ictimai-siyasi şüuru, dünyagörüşü o qədər yüksəkdir ki, ondan ölümü necə gördüyü soruşulanda “baldan da şirin” deyə cavab verir. Yeniyetmələr üçün bu bir nümunədir. Bəli, hakimiyyət Yezid kimi zalımın əlinə keçəndə, İslam ümməti məhkum olunanda buna qarşı mübarizədə ölüm baldan şirin olur. O zaman 13 yaşlı Qasim belə düşünürdü.
İmam Hüseynin (ə) şəhadət eşqini görmək istəyən Əli Əkbər tarixini oxumalıdır. Əli Əkbər atasından getdikləri yolun haqq olub-olmaması barədə soruşanda həzrət bu yolun haqq olduğunu bildirir. Əli Əkbər buyurur ki, əgər yolumuz haqsa heç nədən qorxmuram. Bu gənc İmam Hüseynin (ə) oğlu idi. Görən atası necədir? O ölümə necə baxır? Atası Əli ibn Əbu Talib buyurur: “Əlinin ölüm istəyi uşağın anasının sinəsini istəməsindən güclüdür.” (Nəhcül-bəlağə, xütbə 5) Bəli, İmam Hüseyn (ə) Əlinin (ə) oğludur. Elə bir insan ki, buyurur: “Mənim döyüşdən qorxduğumu nə zaman gördünüz?!”
Nəhcül-bəlağənin 123-cü xütbəsində bildirilir ki, ən üstün ölüm şəhadətdir. Həzrət Əli (ə) buyurur: “And olsun canım əlində olan Allaha! Allah yolunda min qılınc zərbəsi almaq başqa yolda yataqda ölməkdən üstündür.” Həzrət buyurur ki, ölüm insanın qorxacağı bir şey deyil; ötülüb keçiləcək körpü, əyindən çıxarılacaq libasdır. Mömin öləndə çirkin libası çıxarıb, gözəl libas geyir, azğın öləndə gözəl libası çıxarıb, çirkin libas geyir. Həzrətin təbirincə ölüm mömin üçün gül qoxulamaq kimidir. Bütün bunlar hədislərdə deyilir. Mömin dünyasını dəyişəndə sanki gül ətrindən ləzzət alır.
Əli Əkbər buyurur ki, əgər yolumuz haqsa qorxum yoxdur. İmamın qardaşı oğlu deyir ki, zalımla vuruşuruqsa, ölüm baldan şirindir. Ata buyurur ki, Allah yolunda min qılınc zərbəsi ilə ölmək yataqda ölməkdən yaxşıdır. Oğul və ata belə deyirsə, İmam Hüseyn (ə) nə deyər? Buyurur ki, şəhadəti xoşbəxtlik sayıram, mənim xoşbəxtliyim şəhadətdədir. Bütün bunlar şəhadətə eşq nümunəsidir.
Qurani-Kərimdə təhlükəyə gedən insanlardan danışılır. Allah haqq yolda təhlükəyə gedənləri təşviq edir, qorxuya düşənləri qınayır. Ayələrdə təhlükəyə qucaq açanlar müxtəlif şəkillərdə mədh olunur. Əksinə, qorxuya düşüb cihad meydanından qaçanlar sərt şəkildə tənqid olunur. Təhlükəyə gedənlərdən biri həzrət İbrahim idi. Onun üçün böyük tonqal qalamışdılar, onu oda atmaq məqsədi ilə mancanaq hazırlamışdılar. Ənbiya 68, 69: “(Nəmrud və ətrafındakılar öz camaatına) Belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”
Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq.”
İbrahimin zövcəsi Hacərlə bağlı ayə nazil oldu. İbrahim 37: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” Həzrət İbrahim zövcəsini südəmər körpə ilə səhranın ortasında qoyub Allaha tapşırdı.
Başqa bir təhlükə İsmailin sorağına gəldi. Ona qurban kəsilməsi barədə xəbər veriləndə “hazıram” dedi. Bu insanlar Allah yolunda təhlükəyə qucaq açanlardır. İbrahimi oda, Yusifi quyuya, Yunisi dənizə atdılar. Biri odda, digər biri quyuda, başqa biri dənizdə Allahı zikr edirdi. Allahın vəlisini ağacın arasına qoyub mişarlayanda mişarın dişləri onun bədəninə çatanda fikrindən daşınmadı. Çala qazıb Allahın övliyalarını çalaya atdılar və od vurdular. Özləri çalanın yuxarısında dayanıb əylənirdilər. Büruc 4: “(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) Xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.” Bəli tariximiz insan tərbiyə edir. Tarixə baxın və Allah yolunda təhlükəyə qucaq açanların hansı çətinlikdən keçdiyini görün. İran inqilabı və Səddamın təcavüzü sayəsində 8 illik müharibəni yada salın. Görün analar, qadınlar şəhadətə gedənlərə necə xeyir-dua verib. Tariximizdə sədaqətli, fədakar, imanlı qadınlar çoxdur. O hansı qadındır ki, bir gündə 72 şəhid verib? Bu bizim həzrət Zeynəbdir. İnqilabda 11 şəhid verən qadın var. Bizim fədakar qadınla 72 şəhid vermiş Zeynəb arasında fərq odur ki, onu qanlar qurumadığı bir zamanda əsarətə aldılar. Bizdə şəhid övladlarını qucaqlayıb, öpürdülər, Kərbəlada İmam Hüseynin (ə) övladlarına işgəncə verdilər. İnqilabda şəhadətlərin ardınca bir qürur vardı, Kərbəlada əsarət davam edirdi. Bizim inqilabda təşnəlik olmadı, südəmər körpələr atalarının ağuşunda oxlanmadı. Hansı çətinliklə rastlaşdıqsa, tariximizdə bunun qat-qat ağır nümunələri vardı. Bəli Kərbəla insan tərbiyə edən məktəbdir.
Həyatında şəhid vermiş analar, qadınlar Kərbəla məktəbini daha dərindən anlayır. Kərbəla müsibətinin ildönümündə, hadisədən əsrlərcə ötəndən sonra hadisə bu gün baş vermiş kimi xatırlanır. Bəli, ogünkü və bugünkü fədakarlıqlara gülənlər də var. Yoxsul məntəqələrdə “Hüseyn-Hüseyn” nidaları daha çox eşidilir. Çünki bu məktəbi daha yaxşı tanıyıblar, böyük fədakarlıqlara imza atıblar. Bu məktəbin dərslərini həyatında təkrarlamayanlar sadəcə Aşura haqqında eşidiblər, həmin gün qara geyinirlər. Əgər Aşura günü rövzənin həqiqətini görmək istəyirsənsə bu məktəbi tanımalısan. Hüseynlə (ə), cəbhəylə, şəhadətlə, ölümlə tanış olanlar əzadarlıq günlərində bir daha o günlərə qayıdırlar. İnsanın cəbhəyə yardımı onun Aşura ilə tanışlığı qədərdir. Bu aydın bir həqiqətdir. Özünü ziyalı adlandırıb, rövzəyə xor baxanlar həyatın acı gerçəkliklərini yaşamamış insanlardır. Hətta sakit dayanmayıb tikanlı sözlər danışırlar. Biz bu sözləri cavablandırmalıyıq.
İbrahimi oda atdılar ki, haqqın nurunu söndürsünlər. Quran oxuyun və düşünün. Oxumaqdan daha artıq düşünmək tapşırılıb. Oxu bu hadisələrin haqqında və bax gör sən olsaydın nə edərdin? Allah qədir biləndir və onların məqamını ucaltdı. Təhlükəyə qucaq açana Allah özü təşəkkür edir.
Torpaq yemək günahdır. Bu iş dində haram sayılır. Amma İmam Hüseyn (ə) türbətindən şəfa məqsədi ilə bir zərrə ağıza qoymaq icazəlidir. İmam Hüseynin (ə) qəbri kənarında dualar qəbul olar. Cümə axşamı, fitr bayramı, qurban bayramı, Aşura günü, Ərbəin günü dua və ziyarət qəbuldur. Susayıb hər dəfə su içəndə İmam Hüseynə (ə) salam verən əvəzini alar. Susuzluq bütün insanların yaşadığı haldır. Deyirlər Məkkə yolunda təhlükə olsa Həcc ziyarəti vacib sayılmır. Amma Kərbəla yolunda təhlükə olsa da bu səfərə getmək tövsiyə edilir. Məkkə səfərinə yaxşı azuqə götür, Kərbəla səfərində yola sadə çıx. Piyada, yavaş get. Allah-Taala mehrab şəhidi Ayətullah Mədəniyə rəhmət etsin. Dəfələrlə Kərbəlaya piyada getmişdi. Allahın lütfü ilə bir səfərində Nəcəfdə görüşə bildik. Ayaqqabılarını çıxarıb piyada yola düşdü. İstəyirdi bu yolda ayaqları ağrısın. Buyururdu ki, bu yolda Allahdan üç istəyim olub, ikisini almışam. Deyirdi üçüncü istəyimə çatmamaqdan qorxuram. Nə istədiyini soruşduq. Dedi: “Allahdan çox istəmişəm ki, şəhid olum.” Bəli, o şəhadət istəyinə çatmayacağından qorxurdu. Həyatda rastlaşdığınız çətinlikləri kiçik görmək, onları asan adlamaq üçün İmam Hüseynin (ə) müsibətini tez-tez yada salın. Bütün imamlarımız İmam Hüseynin (ə) nəslindəndir. İmam Hüseynin (ə) hərəmində namaz qəbuldur. Bir gün Kərbəlada gözəl bir cümlə eşitdim. Səs ucaldıcıdan deyirdilər ki, bütün gəmilər qurtuluşdur, amma İmam Hüseynin (ə) gəmisi sürətlidir; bütün imamlarımız Allahın lütf dərgahındadır, amma Hüseynin (ə) dərgahı daha böyükdür...
Allah qədir, biləndir. Bəqərə 152: “Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” Demək, övliyaların təbirincə Allahın bir damla göz yaşı müqabilində insanı bağışlamasında qeyri-adi bir şey yoxdur. Bəziləri deyir ki, bu qədər günah göz yaşı ilə bağışlanmaz. Amma bu göz yaşı elə bir münasibətlə axıdılıb ki, Allah həmin münasibətə xatir göz yaşına qiymət verir. Bir parça müxtəlif münasibətlərlə Məkkəyə aparılıb, qaytarıla bilər. Amma onun bir övliyanın əynində olması dəyərini yüksəldir. Bəli, nə göz yaşı, nə də parça qeyri-adi qiymətə malikdir. Onlara qeyri-adilik verən münasibətdir.
Sad 44: “Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.” Hacılar Məkkəyə gedəndə İsmailin qəbri başına fırlanır. Nə üçün mən bir qədər yol gedib, İsmailin qəbrinin başına dolanmalıyam? Çünki İsmail Allah əmrinə tabe olub, özünü fəda etmək hazırlığını bildirdi. Bunu hamı bacarardımı? Buna görə də bu gün ehtirama layiqdir. Müharibələrdən birində Peyğəmbər (s) ağır bir daş qaldırıb, hərəkətə başladı. Ondan bu daşı haraya apardığını soruşdular. Həzrət buyurdu: “Döyüşçülərdən biri şəhid olub, qorxuram qəbri itə...” Həzrət çətinliklə ağır daşı qaldırır ki, şəhidin yerini itirməsin.
Kəhf 21: “(Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) Dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər.” Əvvəlcə daşı daş üstə qoyub sadəcə nə isə tikmək istəsələr də sonradan məscid tikilməsinə qərar verildi. Demək, bəzən yalnız Allaha pərəstiş etdiyi üçün insan müqəddəs olur. Bu halda öz qanı ilə milyonların etiqadını yaşadan insana necə qiymət verilməlidir?
Bəzi ziyalılar iddia edir ki, Həcc ziyarətində kəsilən qoyunları elə burda kəsib yoxsullara paylayaq ki, faydası olsun. Xeyr, əzizlər, belə deyil. Məkkə eşq vadisidir. İnsan bütün olanlarını eşq vadisinə qurban verməlidir. Bu yaxşı işdir ki, Məkkədə böyük soyuducularda ət dondurulur və yoxsul məntəqələrə göndərilir. Amma istənilən bir halda qurbanlar Məkkədə kəsilməlidir. Bir insanın istiqbalında hörmət əlaməti olaraq hətta maşının keçəcəyi yerə xalça sərirlər. İlahi eşq vadisində qurban kəsmək nədir ki! İbrahim orada qoyun kəsdiyi üçün sən də İbrahimin eşqi xatirinə bu işi görürsən. Nə üçün İbrahimin eşqi unudulmalıdır?! Hər şeyi iqtisadiyyatla, sosial durumla ölçmək olmaz. Aşura da belədir. Üzərindən neçə min il ötsə də böyük mənəvi təsirə malik olduğundan yaşadılmalıdır. Bəşər tarixində insanları mübarizəyə həvəsləndirən ikinci belə hadisə varmı? Birinə deyəndə ki, rövzə məclisinə get, mənası budur ki, gör Əli Əsğər atasının qucağında necə oxlandı. Əgər haqq yolda sənin də südəmər körpəni qucağında vursalar səbr et.
Nə üçün həzrət Əbülfəzl suya çatdığı halda ondan içmədi? Çünki başqaları susuz idi. Bu sənə öyrədir ki, suyun, qazın, neftin və başqa min sərvətin varsa, məhrumları yada sal, israfa yol vermə, ehtiyaclıya əl tut. Rövzə bir dərsdir. Ged rövzə məclisinə, gör yaxınları imama necə sadiq olub. Gör Hürr kimi bir şəxs necə dəyişib. Ona bax, həyat yolunu dəyiş. İmam Hüseyn (ə) düşmənin üzərinə gedəndə son məqamda da nəsihət verirdi. Sənin də düşmənin varsa son məqamadək ona nəsihət ver. İmam Hüseyn (ə) aşura gecəsi gecə namazını təxirə salmadı. Sən də Allahla rabitəni kəsmə. İmam Hüseyn (ə) namaza xatir döyüşü təxirə saldı. Onun Aşura günortası qıldığı namazı yadda saxla. Bəli, rövzə bir dərsdir. Amma dərsdən o insan faydalanır ki, öyrənmək üçün sinifdə oturub. Bu gün İran dünyada fərqli bir ölkədir. Çünki Hüseyndən (ə) ruh alır. Hüseyndən (ə) ruh alan ölkə belə olur – kimsəyə əyilmir, haqqından keçmir, son fürsətədək tərbiyələnmək imkanı verir.
Oxunub 5852 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP